Talassemiya xəstəliyi haqqında


Bu anemiya növü əsasən Azərbaycanda, az-az hallarda isə Gürcüstanda, Tacikistanda, Özbəkistanda təsadüf edilir. Talassemiya – irsi xəstəlikdir.

Talassemiya zamanı qanın rəng göstəricisi aşağı enmiş olur. Qanda dəmirin miqdarı bu zaman ya norma daxilində, ya da artmış ola bilər.

 

Eritrositlər özlərində olan patologiya nəticəsində vaxtından qabaq parçalanırlar. Bu anemiya zamanı bir çox hallarda bilirubinin (zülal) qanda miqdarı yüksəlmiş, dalaq isə böyümüş olur. Talassemiyanın əlamətlərindən biri də qanda nişangahvari (formaca nişangaha bənzədiyi üçün) eritrositlərin olmasıdır.

 

Talassemiya uşaqda erkən olaraq təzahür etdiyi halda, o, uşağın fiziki və əqli inkişafının ləngiməsinə, üz skeletinin kobud dəyişikliyinə (kvadrat kəllə, yəhərvari burun, dişlərin yerdəyişməsi, alt və üst çənələrin üst-üstə düşməməsi və s.) səbəb olur. Belə uşaqlarda bir qədər sarılıq qeyd edilir, onlar tez-tez infeksion xəstəliklərə yoluxurlar.

Ağır talassemiya formalarında uşaqlar həyatlarının birinci ilində ölürlər. Orta ağır talassemiya halında uşaqlar yetkin yaşa qədər yaşaya bilirlər. Talassemiyanın bir qədər yüngül formasında qanın rəng göstəricisi aşağı olsa da, orqanların zədələnməsi baş vermir, dalaq isə bir qədər böyümüş olur.

Dəmirdefisitli anemiyada dəmir preparatlarının qəbul edilməsi qanın tərkibinin yaxşılaşmasına səbəb olurdusa, talassemiya zamanı dəmir preparatlarının qəbul edilməsi əksinə olaraq xəstə üçün zərərli təsirə malikdir.

Talassemiya müalicə olunmayan xəstəlikdir. Xəstə uşağın vəziyyətini ona qan köçürməklə yüngülləşdirmək olur. Talassemiyanın daha bir müalicə üsulu isə sümük iliyinin köçürülməsindən ibarətdir.

Talassemiyanın ən ağır formalarına əksər hallarda bir-biri ilə qan qohumluğu olan nigahlarda təsadüf edilir. Ona görə də belə nigahlara yol verməmək məsləhət görülür. Bir-biri ilə yaxın qohum olan gənclər ailə qurmalarında təkid etdikləri halda isə, gələcəkdə ağır patologiyalı (məsələn, talassemiya) uşaqların doğulmaması üçün, onlar müvafiq tibbi müayinədən (həmçinin genetik) keçməlidirlər.

Saglamolun.az

Qeyd: Bu məqalə yalnız ümumi məlumat vermək məqsədi daşıyır. Yazılanlar həkim məsləhəti yaxud tibbi diaqnoz deyil.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

*

Current month ye@r day *