Qıcqırma haqqında


Qıcqırma – döş sümüyü arxasında, boğazda, yemək (qida) borusu boyunca hiss olunan yandırma hissiyyatıdır.

 

Bəzi məlumatlara əsasən, yer əhalisinin 40%-i qıcqırmadan əziyyət çəkir.Bəzi insanlarda bu əlamət müvəqqəti, digərlərində isə daimi xarakter daşıyıraq, heç bir təşvişə səbəb olmur. Ancaq aşkar olunmuşdur ki, təşvişə düşməyə dəyər.

 

Bəs qıcqırmanı yaradan nədir? Mədə ilə qida (yemək) borusu arasında sfinkter – əzələ həlqəsi movcuddur ki, o da yalnız qida, yemək borusundan (mədəni ağız boşluğu ilə birləşdirən boru) mədəyə keçərkən açılır. Digər vaxtlarda isə sfinkter sıx şəkildə bağlanmış olaraq, mədədə olan qidanın qida borusana doğru geriyə qayıtmasına imkan vermir. Normal halda məhz belə də olmalıdır. Müxtəlif səbəblər nəticəsində, sfinkterin işində pozğuluq baş verir və bu zaman o lazım olmayan vaxda da açılaraq yenidən qapanır, bəzi hallarda isə ümumiyyətlə daimi olaraq azca açıq qalır. Nəticədə, mədədə olan həzm şirəsinin bir hissəsi mədədən geriyə-yemək borusuna qayıdır.

Bu şirənin tərkibində çox güclü kimyəvi maddə olan xlorid turşusu da daxildir. Hətda dəmiri də həll etmək xüsusiyyətinə malik olan bu turşu, bizim mədəmiz üçün qorxulu deyil. Buna səbəb isə, mədənin daxili səthində, bu maddənin təsirəndən qorucu qabiliyyətə malik olan, müdafiə qatının olmasıdır. Yemək borusunda isə belə qat movcud deyil. Məhz buna görə mədədən yemək borusuna düşmüş olan bu turşu bəzi hallarda çox güclü yandırıcı təsir göstərir. Mədə şirəsindən savayı, öd kisəsindən 12-barmaq bağırsağa, oradan mədəyə və sonra isə yemək borusuna düşə bilən öd də, yemək borusunu qıcıqlandıra bilər.

Tez-tez təkrar olunan qıcqırmanın əsas təhlükəsi ondan ibarətdir ki, yemək borusunda mədə turşusunun və ödün yeyici təsiri altında eroziyalar (xırda yaralar) əmələ gələ bilər. Bu eroziyalar qanaxmaya səbəb ola bilər. Uzun müddət ərzində mövcud olan və müalicə olunmayan eroziyalar hətta xərçəngə də çevrilə bilər.

Buna görə, əgər siz müntəzəm olaraq (həftədə 2-3 dəfə) özünüzdə qıcqırma hiss edirsinizsə, mütləq həkimə müraciət edin.

Qıcqırma – ayrıca bir xəstəlik olmayıb, müxtəlif xəstəliklərin əlamətidir (qastrit, duodenit, xolesistit, öd daşı xəstəliyi və s.). Qıcqırma mədə və 12-barmaq bağırsağın xora xəstəliyinin də əlaməti ola bilər. Bu zaman qıcqırmanın nə vaxt baş verməsinə diqqət yetirmək lazımdır. Belə ki, əgər qıcqırma yeməkdən sonra baş verirsə, çox yəqin ki, bu, turşu reflyuksudur. Əgər qıcqırma yeməkdən əvvəl baş vermiş olarsa, bu daha çox, xora xəstəliy üçün xarakterik olan  əlamət hesab olunur.

Qıcqırma adətən, kəskin, yağlı, çox qızardılmış qida qəbulundan sonra baş verir. Xroniki qəbizliyi olan insanlar da, bir çox hallarda, qıcqırmadan əziyyət çəkirlər.

Bəzi hallarda, qıcqırma praktiki sağlam hesab edilən adamları da narahat edir. Bu, əsasən, həddindən artıq miqdarda qida, kəskin ədviyyatlar, yağlı qidalar, alkoqollu içkilərin qəbul edilməsi nəticəsində baş verir. Əksər hallarda, qıcqırma yeməyi tez-tez yəməyə adət edənlərdə və ya buna məcbur olanlarda da baş verir. Bəzi insanlarda, turş meyvələr (alma, limon, gavalı), kefir və digər süd turşusu məhsulları, qara çörək qəbul edilməsi qıcqırmaya səbəb ola bilir. Döş sümüyü arxasında yanğı hissiyyatı və ağrı ağırlıq qaldırarkən də baş verə bilər. Bunun səbəbi isə, qarındaxili təzyiqin artması nəticəsində, mədə möhtəviyyatının bir hissəsinin qida borusuna atılmasıdır.

İstənilən halda, əgər sizdə, tez-tez qıcqırma baş verirsə, mütləq qasroenteroloqa müraciət edin.

Hamiləlik zamanı, qıcqırma əksər qadınları da narahat edir. Əgər qadında toksikoz qusma ilə birlikdə olarsa, bu zaman qida borusu da qıcıqlandığı üçün, qıcqırma baş verir. Hamiləliyin 2-ci yarısında isə, böyüməkdə olan uşaqlığın mədəyə təzyiq etməsi qidanın mədədən qida borusuna atılmasına və nəticəsində xoşagəlməz qıcqırma hissiyatının yaranmasına səbəb olur.

Onu da qeyd etmək çox vacibdir ki, döş sümüyü arxasında olan yandırma hissiyyatı, xüsusən də onunla birgə təngnəfəslik, başgicəllənmə, boyunda, sol qolda və  çiyində ağrı olarsa, bu nəinki mədə-bağırsaq sistemində müəyyən bir pozğunluğun olmasını, həmçinin ürəkdə stenokardiyanın, hətta miokard infarktının olmasını da göstərə bilər!Döş arxasında yandırma hissi olmasının səbəbinin ürək ilə əlaqəli olub-olmamasını müəyyən etmək üçün dilinizin altına 1 tablet nitroqlliserin qoymaq lazımdır. Əgər 5 dəqiqə ərzində yandırma hissiyyatı keçib gedərsə və ya heç olmasa azalarsa, demək bu, ürək tutmasıdır! Bu halda təcili olaraq kardioloqa müraciət etmək lazımdır, çünki bu, ürəkdə ciddi problem olduğunun göstəricisi ola bilər!

 

Müalicəsi

Qıcqırma – ayrıca bir xəstəlik olmayıb, müxtəlif xəstəliklərin əlamətidir. Ona görə də qıcqırmadan qurtulmaq üçün, bu xoşagəlməz əlamətə səbab olan xəstəliyi müalicə etmək lazımdır.

Qıcqırma daimi olmadıqda və ya hər hansı bir xəstəlik nəticəsində baş vermədikdə, yandırma hissiyyatını sakitləşdirən dərman maddələrindən istifadə etmək olar. Bunlar antasid preparatlar olub, qida borusunun selikli qişasını örtərək, onu mədə şirəsinin kəskin təsirindən qorumaq qabiliyyətinə malikdirlər. Bu halda suspenziya (maye) şəklində olan preparatlar daha yaxşı kömək edir. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, bu preparatları 3-4 həftədən artıq müddət ərzində qəbul etmək olmaz.

Qıcqırma zamanı “Borjomi”, “Slavyanovskaya”, “Narzan” və digər mineral sular yaxşı kömək edir. Müalicə ilıq (38-400) şəkildə 50-100 ml (1/4-1/2 stakan) həcmində mineral suyun qəbul edilməsi ilə başlayır. Yaxşı uyğunlaşma olduğu halda, müalicənin 3-4-cü gününə, bir dəfəyə qəbul edilən suyun miqdarını 1 stakana çatdırmaq olar. Qıcqırmanın olması şikayəti qeyd edildiyi halda, mineral suyu yeməkdən 30-40 dəqiqə sonra, yəni məhz qıcqırmanın baş verməsi gözlənilən zaman qəbul etmək lazımdır. Mineral sular yalnız qıcqırmanın qarşısını almır. Onlar həmçinin, mədə-bağırsaq sisteminin istənilən xəstəlikləri zamanı da yaxşı müalicəvi təsir göstərirlər.

Qıcqırma zamanı təcili yardım kimi 1 çay qaşığı zeytun və yə çaytikanl yağı (əlacsız qaldıqda – günəbaxan, qarğıdalı) içmək olar. Bu zaman effekt çox tez baş verir və uzun müddət ərzində qalır. Adi günəbaxan tumlarının yeyilməsi də qıcqırmaya qarşı yaxşı kömək edir.

Yeri gəlmişkən, qıcqırma zamanı çay sodası qəbul edilməsini həkimlər məsləhət görmürlər. Qələvi olan çay sodası ilə, mədə şirəsindəki xlorid turşunun qarşılıqlı təsiri nəticəsində, xeyli miqdarda karbon qazının hasil olması ilə gedən kimyəvi reaksiya baş verir. Bu qaz mədəni dolduraraq onun şişməsinə səbəb ola bilər. Əgər bu zaman mədədə əvvəlcədən də xora, eroziya mövcud olarsa (bu zaman mədənin divarı nazilmiş olur), bu, həmin nahiyədə mədənin deşilməsi və mədə möhtəviyyatın qarın boşluguna düşməsi ilə nəticələnə bilər. Bu halda isə, həyat üçün çox təhlükəli olan və təcili olaraq cərrahi müdaxilə tələb edən peritonit inkişaf edir. Dəfələrlə və uzun müddət ərzində çay sodasının, xususilə də maye şəklində deyil, bıçaq və ya qaşığın ucunda qəbul edilməsi orqanizmin zəhərlənməsinə səbəb olur. Bu zaman baş ağrısı, zəiflik, qusma kimi əlamətlər baş verir.

 

Qıcqırmanın qarşısını almaq

Qıcqırma – bir çox xəstəliklərin, eyni zamanda, xroniki mədə bağırsaq sistemi xəstəliklərinin “sadiq” yolçusu olduğu üçün, onu tam şəkildə müalicə etmək mümkün deyil. Lakin onun tez-tez baş verməməsinə nail olmaq tamamilə mümükündür. Bunun üçün aşağıdakı bir sıra qaydalara əməl etmək lazımdır ki:

1. Həddindən artıq yemək yeməyin! Mədə həddindən artıq dolduqda və dartıldıqda, sfinkter zəiflədiyi üçün mədə şirəsi qida borusuna atıla bilər. Mədənizi nə qədər çox doldursanız qida borusuna atılan turşunun miqdarı da çoxalmış olacaq. Ona görə də, hər dəfə az midarda qida qəbul etməklə, gün ərzində 5-6 dəfə yemək

daha məqsədəuyğun hesab olunur. Yeməyi yavaş-yavaş yeyin, yaxşı

çeynənilmiş qida mədəni də qorumuş olur – qəbul edilmiş qidanın həzm edilməsi

üçün ona daha az mədə şirəsi və ifraz etmək və daha az vaxt sərf etmək lazım

gəlir.

2. Yeməkdən sonra 1-2 saat ərzində uzanmayın, qabağa əyilməyin, və hər hansı

ağır fiziki işlə məşğul olmayın. Bütün bu müddət ərzində bədəninizi vertikal vəziyyətdə saxlayın – gəzişin, ayaq üstə durun, əyləşin. Əks halda, mədədəki turşu və öd tez bir zamanda qida borusuna axa bilər. Əgər qida qəbulundan sonra siz mütləq uzanmaq istəsəniz başınızın altına bir neçə balış qoyun. Heç zaman son qida qəbulundan 2 saat keçməmiş yatmayın! Balışsız yatmaq da məsləhət görülmür – mədə şirəsinin yemək borusuna axmaması üçün baş, bədənə nisbətən bir qədər yuxarıda olmalıdır.

3. Dar paltar, qayış geyinməyin. Dar paltar beli əhatə edərək bağırsaqları da sıxır və mədə turşusunu qida borusuna doğru qalxmağa “məcbur edir”.

4. Qızardılmış, konservləşdirilmiş, duzlu, yağlı qidanı, yağlı ət bulyonları, kəskin ədviyyatları (istiot, xardal) minimal miqdara qədər məhtudlaşdırın. Suda və parda bişmiş qidalar, ət və toyuğun (qaz və ördək olmaz!) isə yağsız növlərini yemək daha yaxşıdır. Qida rasionunuzdan təzə çörəyi çıxarın – ya suxari ya da dünəndən qalan bir qədər qurumuş çörək yeyin. Çovdar çörəyi, yağlı və qat-qat hazırlanan xəmir məhsullarıının qəbul edilməsi də əks-göstərişdir. Xiyar, ağ kələm, pomidor, ağ və qırmızı turp, göbələk, çiy soğan və sarımsaq, turşuya və marinada qoyulmuş tərəvəzlər, bütün paxlalı bitkilər, sitrus meyvələri, turş və yetişməmiş meyvə və tərəvəzlər də qıcqırma verə bilər. Bütün bu məhsullar metiorizm (mədədə qazların miqdarının artması) verərək mədənin genişlənməsinə və sfinkterin boşalmasına səbəb olur. Sfinkter bu təzyiqə dözməyərək bir qadər açılır, mədədə olan möhtəviyyatın bir hissəsi qida borusuna keçdiyi üçün qıcqırma baş verir. Tez-tez baş verən qıcqırmalar zamanı bu məhsulların qəbulunu minimal səviyyəyə endirmək lazımdır.

5. Tez-tez qıcqırması olanlara süd içmək də məsləhət görülmür. Çünki, süd də mədə turşuluğunu artıraraq metiorizmə səbəb olur;

6. Qazlı suların qəbulundan da imtina edin. Ona görə ki, qaz qabarcıqları da `mədəni genişləndirərək sfinkterin bir qədər boşalmasına səbəb olurlar. Tez-tez qıcqırması olanlar üçün kvas, pivə, çaxır və digər alkoqollu içkilərin qəbul edilməsi əks-göstəriş hesab edilir. Onlara həmçinin, tərkibində sfinkteri zəiflədən kofein maddəsi olan tünd çay, kofe və şokoladın qəbul edilməsi məsləhət görülmür.

7. Hamı bilir ki, siqaret çəkilməsi ürək-damar sistemi və ağ ciyərlər üçün zərərlidir. Ancaq bu vərdiş həmçinin, mədə-bağırsaq sisteminə də  mənfi təsir göstərir. Alkoqol kimi, nikotin də qida borusu ilə mədə arasında olan sfinkteri zəiflədir və bunun nəticəsində də mədə turşusu qida borusuna düşmüş olur.

8. Bəzi dərmanların (antidepressantlar, sakitləşdirici dərmanlar, aspirin və s.)  uzun müddət ərzində qəbul edilməsi qıcqırmanın yaranmasına səbəb ola bilər. Ona görə də, əgər siz hər hansı bir dərmanı uzun müddət ərzində qəbul edirsinizsə və sizdə qıcqırma yaranmışsa, bu barədə öz müalicə həkiminizə məlumat verməyiniz məsləhət görülür.

9. Qıcqırmanın bir “gözlənilməz” günahkarı da – stresdir. Stres zamanı mədə turşuluğu kəskin şəkildə yüksəlmiş olur ki, bu da qıcqırmaya səbəb ola bilər. Ona görə də özünüzü stressdən qorumağa çalışın.

Beləliklə, əgər siz özünüzdə tez-tez qıcqırma hiss etmiş olsanız, mütləq qastroenteroloqun qəbuluna yazılın. Çünki  “zərərsiz” hesab etdiyiniz qıcqırma, mədə-bağırsaq sisteminin ciddi xəstəliyinin əlaməti də ola bilər. O biri tərəfdən isə qıcqırmanın özü də ciddi ağırlaşmalara gətirib çıxara bilər (yemək borusunda eroziyalar, qanaxmalar və s.)

Saglamolun.az

Qeyd: Bu məqalə yalnız ümumi məlumat vermək məqsədi daşıyır. Yazılanlar həkim məsləhəti yaxud tibbi diaqnoz deyil.

You can leave a response, or trackback from your own site.

One Response to “Qıcqırma haqqında”

  1. salam mende xora xesteliyi var medede de sespgi var 1 il mualice aldim pehriz saxladim agri kesdi amma tam duzelmedi indide iwatahasizliq ve yemekden evvel qicqirma var.Iwtahasizliq deyendeki yemek yeyirem cox tez doyuram sufreden tez qalxiram sora yene qicqirma olur yene aciram bax bele davam edir.birdefe zond udmuwam.amma indi doktor davut klinikasinda UZI ile zondsuz edirler sizce bu ne derecede deqiqdi?

Leave a Reply

*

Current month ye@r day *